Avropa ilə Hərbi və Texniki Körpü| Azərbaycan-Slovakiya Hərbi Əməkdaşlığının Strateji Perspektivləri – ANALİZ

2025/12/1765345287.jpg
Oxunub: 1502     09:39     10 Dekabr 2025    
Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlıq son aylarda intensivləşərək daha strateji məzmun qazanmağa başlayıb. Noyabrın 7-də müdafiə naziri Zakir Həsənovun Bratislavadan gələn yüksək səviyyəli qonaq – Baş nazirin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşü, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, müdafiə sənayesi üzrə ortaq istehsal müzakirələri, həmçinin Slovakiyanın Azərbaycana minatəmizləmə avadanlıqları tədarükü bu əməkdaşlığı sadəcə diplomatik münasibətdən çıxarıb real texniki əməkdaşlıq mərhələsinə daxil edir. Bu proses postsovet məkanında Slovakiya kimi NATO ölkəsinin Azərbaycanla yeni tip əlaqələr qurmasına şərait yaradır və qarşıdakı illərdə müdafiə sənayesi üzrə strateji ortaq platformanın formalaşmasını mümkün edir.

Son illər Azərbaycan üçün ən böyük təhlükəsizlik problemlərindən biri müharibədən sonrakı mina təhlükəsi olub. 2020-ci ildən bəri 400-dən çox insan mina qurbanına çevrilib və bu, regionun bərpasını ləngidən əsas amillərdən birinə çevrilib. Bu fonda Slovakiyanın Azərbaycana xüsusi minatəmizləmə avadanlıqları təqdim etməsi həm humanitar, həm də təhlükəsizlik baxımından kritik əhəmiyyət kəsb edir. Bu avadanlıqlar yüksək təzyiqə davamlı korpus, geniş skan sahəsi, müxtəlif sensor blokları, modul konstruksiya və partlayışdan sonra özünü bərpa edən elementlər kimi texniki üstünlüklərə malikdir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, insan həyatını xilas etməyə real şəkildə xidmət edir. Bu əməkdaşlıq Slovakiyanın müdafiə sənayesinin yalnız döyüş texnikası deyil, həm də təhlükəsizlik və humanitar mühəndislik sahələrində güclü olduğunu göstərir.


Slovakiyanın Azərbaycana verə biləcəyi hərbi-texniki imkanlar minalardan təmizləmə ilə məhdudlaşmır. Slovakiya postsovet dövründən indiyədək özüyeriyən artilleriya qurğuları, avtomatik artilleriya sistemləri, modern sursat istehsalı, tank əleyhinə vasitələr, radar sistemləri və rabitə texnologiyaları sahəsində geniş təcrübə toplayıb. Slovakiyanın ən tanınmış məhsullarından biri “Zuzana 2” özüyeriyən artilleriya qurğusudur. Bu platforma 155 mm-lik NATO standartlı artilleriya sistemləri arasında yüksək dəqiqliyi, 41-50 km atəş məsafəsi, tam avtomatlaşdırılmış doldurma mexanizmi və yüksək mobil qoruma qabiliyyəti ilə seçilir. Azərbaycan tərəfinin Kalinakın səfəri zamanı məhz avtomatik artilleriya sistemlərinə xüsusi maraq göstərməsi təsadüfi deyil. Bənzər sistemlər Azərbaycanın mövcud artilleriya parkını modernləşdirə və NATO standartı ilə uzlaşdırılmış sistemlər yaratmaq baxımından strateji transformasiya funksiyası daşıya bilər.

Azərbaycanın Slovakiya ilə əməkdaşlıqda əsas marağı sadəcə hazır məhsul almaq deyil, texnologiya transferi və birgə istehsal modelinə keçməkdir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu əməkdaşlıq “müharibə üçün deyil, sənaye sinerjisi üçün” nəzərdə tutulur. Slovakiya isə açıq şəkildə bildirir ki, Azərbaycanla texnologiya ötürülməsi, birgə istehsal, maliyyə resurslarının istifadəsi və istehsal olunan məhsulların üçüncü ölkələrə satılması mümkündür. Bu yanaşma bir tərəfdən Slovakiyanın müdafiə sənayesinin ixrac imkanlarını genişləndirir, digər tərəfdən Azərbaycanın 15 ildən çoxdur inkişaf etdirdiyi müdafiə sənayesinə yeni texnoloji qat əlavə edir. Azərbaycan artıq pilotsuz uçuş aparatları, atıcı silahlar, zirehli texnikalar və sursat növləri istehsal edir, lakin yüksək dəqiqlikli artilleriya, uzaqmənzilli sensor sistemləri və modul əsaslı döyüş platformaları sahəsində xarici texnoloji təcrübəyə ehtiyac duyur.


Azərbaycanın avtomatik artilleriya sistemlərinə marağı həm əməliyyat, həm də strateji səbəblərlə bağlıdır. Müasir müharibələrdə uzunmənzilli, yüksək dəqiqlikli və sürətli döyüş ritminə uyğunlaşa bilən artilleriya platformaları həlledici rol oynayır. Qarabağ müharibəsində PUA-ların təsiri nə qədər böyük idisə, atəş dəstəyinin effektivliyi də bir o qədər vacib idi. Azərbaycanın mövcud Sovet mənşəli 152 mm artilleriya sistemləri döyüşdə öz rolunu oynasa da, tam avtomatlaşdırılmış və yüksək dəqiqliklə atəş aça bilən NATO standartlı sistemlər ölkənin hərbi modernləşmə xəttinə tam uyğun gəlir. Buna görə Slovakiya məhsulları həm modernləşdirməni sürətləndirir, həm də Azərbaycanın beynəlxalq silah bazarında yeni partnyorlar qazanmasına şərait yaradır.

Slovakiya ilə əməkdaşlığın başqa bir önəmli istiqaməti hərbi elektronika və rabitə sistemləridir. Slovakiya C4ISR (Command, Control, Communications, Computers, Intelligence, Surveillance, Reconnaissance) sahəsində ciddi təcrübəyə malikdir və bu, Azərbaycan ordusunun komanda idarəetmə sistemlərini daha da rəqəmsallaşdırmaq üçün əhəmiyyətli imkan yaradır. Elektron döyüş mühiti artıq real döyüş əməliyyatlarının ayrılmaz hissəsidir və Slovakiya ilə iş birliyi Azərbaycanın rəqəmsal ordu quruculuğunu sürətləndirə bilər.


Hərbi təhsil və təlim sahəsində əməkdaşlıq da strateji baxımdan vacibdir. Slovakiya NATO standartlı təlim metodikaları, sahə hazırlığı, texniki xidmət protokolları və real döyüş ssenarilərinə əsaslanan təlim proqramları ilə tanınır. Bu sahədə təcrübə mübadiləsi Azərbaycan Silahlı Qüvvələrinin peşəkar inkişafına mühüm töhfə verə bilər. Orduda müxtəlif sistemləri idarə edən mütəxəssislərin hazırlanması NATO ölkələri ilə təlim təcrübəsinə uyğunlaşdırıldıqca döyüş hazırlığının keyfiyyəti də yüksələcək.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin 21 faiz təşkil etməsi ölkənin modern ordu quruculuğuna böyük önəm verdiyini göstərir. Bu vəsaitlərin bir hissəsinin Slovakiya ilə texniki əməkdaşlığa yönəldilməsi həm yüksək texnologiyaların ölkəyə gətirilməsini, həm də yeni sənaye klasterlərinin yaradılmasını sürətləndirir. Bu prosesin uzunmüddətli nəticəsi olaraq Azərbaycan regional müdafiə sənayesinin istehsal və ixrac mərkəzlərindən birinə çevrilə bilər.

Slovakiyanın müdafiə sənayesi postsovet texnologiyalarını NATO standartları ilə birləşdirən hibrid modelə malikdir. Bu, Azərbaycan üçün unikal üstünlük yaradır, çünki Azərbaycan ordusu həm sovet mənşəli platformalara sahibdir, həm də Qərb texnologiyalarına keçməkdədir. Slovakiya bu iki ekosistemi birləşdirə bilən nadir ölkələrdən biridir. Bu səbəbdən modernizasiya layihələri (məsələn, mövcud artilleriya sistemlərinin modern sursatlarla uyğunlaşdırılması və ya sensor bloklarının yenilənməsi) çox daha səmərəli şəkildə həyata keçirilə bilər.


Birgə istehsal sahəsində ən perspektivli istiqamətlərdən biri sursat istehsalıdır. Slovakiya uzun illərdir ki, yüksək keyfiyyətli 155 mm NATO standartlı sursat və müxtəlif tipli reaktiv mərmilər istehsal edir. Azərbaycanın isə həm daxili tələbatı, həm də ixrac potensialı var. Bu səbəbdən hər iki tərəf üçün ortaq sursat istehsal xəttinin qurulması iqtisadi və strateji baxımdan sərfəlidir. Azərbaycanın maliyyə imkanları və sənaye klasterləri Slovakiyanın texnoloji təcrübəsi ilə birləşdikdə böyük həcimli istehsal gücü yarana bilər.

Slovakiya ilə əməkdaşlıq həm də antidron sistemləri və radar texnologiyaları sahəsində potensial yaradacaq. Slovakiya kompakt mobil radarlar, passiv aşkarlama sistemləri və PUA-ları neytrallaşdıran radioelektron komplekslər istehsal edir. Regionda pilotsuz sistemlərin intensiv istifadəsi artdıqca bu texnologiyalar Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Antidron sistemlərinin yerli istehsalı və ya Slovakiya ilə birgə modernləşdirilməsi regional balans üçün vacib ola bilər.

Strateji baxımdan Slovakiya ilə əməkdaşlıq Azərbaycanın Avropa İttifaqına inteqrasiya prosesində də xüsusi önəm daşıyır. Slovakiya həm NATO, həm də Aİ üzvü kimi Azərbaycanın Avropa ilə hərbi-texniki əlaqələrinə körpü rolunu oynaya bilər. Slovakiya Azərbaycanın maraqlarını regionda anlayan nadir Avropa dövlətlərindəndir və Prezident İlham Əliyevin səfəri zamanı nümayiş olunan dostluq münasibətləri bu strateji xəttin davamlı olduğunu göstərir. Bu əməkdaşlıq həmçinin ölkənin siyasi və diplomatik mövqelərinə də təsir edir. Slovakiyanın yüksək səviyyəli dövlət nümayəndələrinin Azərbaycanın Qələbə Günündə Bakıda iştirakı iki ölkə arasında dərin siyasi etimadın formalaşdığını göstərir. Bu etimad olmadan hərbi-texniki layihələrin həyata keçirilməsi mümkün olmazdı. Bu baxımdan, Slovakiya ilə əməkdaşlıq yalnız istehsal və texnologiya məsələsi deyil, həm də siyasi tərəfdaşlıq məsələsidir.


Azərbaycan bu əməkdaşlıq vasitəsilə müdafiə sənayesini daha dayanıqlı və rəqabətqabiliyyətli hala gətirmək istəyir. Müdafiə sənayesinin gələkdə daha böyük ixrac bazarlarına çıxması üçün Slovakiya ilə ortaq istehsal modeli mühüm rol oynaya bilər. Slovakiyanın Avropa bazarlarına çıxış imkanları və Azərbaycanın regional nüfuzu birləşdirildikdə üçüncü ölkələrə birgə ixrac planları real perspektivə çevrilir. Bu, gəlirləri artırmaqla yanaşı, ölkənin müdafiə sənayesinin beynəlxalq inteqrasiyasını da gücləndirir.

Beləliklə, Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı tədricən klassik diplomatik formatdan çıxaraq texniki, sənaye və strateji tərəfdaşlıq müstəvisinə keçir. Slovakiya Azərbaycana minatəmizləmə texnologiyaları, avtomatik artilleriya sistemləri, sursat istehsalı, radar və rabitə sistemləri, elektron döyüş vasitələri və təlim metodologiyaları təqdim edə bilər. Azərbaycan isə həm bu sistemlərin alınmasına maraqlıdır, həm də texnologiyanın ölkəyə transferi və birgə istehsal modelinə keçməyi hədəfləyir. Yaxın illərdə bu əməkdaşlıq orta miqyaslı layihələrdən böyük texnoloji platformalara keçə və bölgədə yeni hərbi-sənaye mərkəzinin formalaşmasına səbəb ola bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Slovakiya   MSN   MN  


Bizi "telegram"da izləyin